İri qanadlı çox
qoca adam
Qabriyel qarsiya markez
Tərcümə edəni: İlqar Fəhmi
Üç gün idi ki, yağış kəsmirdi və onlar evin
içinə doluşan dəniz xərçənglərini çölə atmağa güclə macal tapırdılar.
Əvvəl birlikdə xərçəngləri çomaqla vurub keyidir, sonra da Pelayo su
basmış həyətdən sürüyüb dənizə atırdı.
Ötən gecə körpənin qızdırması da qalxmışdı. Yəqin ki, bunun səbəbi
hədsiz rütubət və həyəti bürümüş üfunət idi. Çərşənbə axşamından bəri
sanki bütün dünya sıxıntıya qərq olmuşdu. Səma ilə dəniz bir-birinə
qarışıb kül rəngli boz bir kütləyə çevrilmiş, mart ayında qum dənələri
parıldayan çimərlik isə palçıq və çürümüş molyuskalardan əmələ gələn
horraya dönmüşdü, hətta günorta belə işıq o qədər tutqun idi ki, Pelayo
pstionun o biri başında tərpəşən və inildəyən məxluqu yaxşı görə
bilmirdi. Yalnız lap yaxına gələndə gördü ki, bu zarıyan məxluq qoca,
çox qoca bir kişidir, üzü üstə palçığın içinə düşüb və yekə qanadları
mane olduğu üçün heç cür ayağa qalxa bilmir. Gördüyü mənzərədən qorxuya
düşən Pelayo evə cumub xəstə körpəyə kompress qoyan arvadı Elisendonu
çağırdı. Hər ikisi təəccüb, heyrət içində susub bir müddət palçığa
yıxılmış məxluqa baxdılar. Yazıq cır-cındır içində idi, rəngsiz
saçlarının bir neçə çəngəsi çılpaq kəlləsinə yapışmış, ağzında demək
olar ki, dişi qalmamışdı. Ümumi görkəmində də möhtəşəmlikdən əsər-əlamət
yox idi. Ləkələrinin çoxu yolunmuş iri şahin qanadları həyətin qatı
palçığında batmışdı. Pelayo və Elisendo onu uzun müddət elə diqqətlə
nəzərdən keçirdilər ki, qocanın qəribə görkəminə bir növ gözləri öyrəşən
kimi oldu, hətta bir az tanış da gəldi. Nəhayət ər-arvad cəsarətlənib bu
əcaib məxluqla söhbətə başladılar, lakin qocanın dənizçilər kimi
xırıltılı səslə dedikləri hansısa naməlum dialektdə olduğuyçün heç nə
anlamaq mümkün olmadı. Qısa götür-qoydan sonra ər-arvad bu qəribə
qocanın qanadlarının varlığını unudub qərara gəldilər ki, yəqin tufana
düşmüş xarici gəmilərdən birinin motrosudur. Bununla belə hər ehtimala
qarşı qonşuluqda yaşayan və dünyada hər şeydən xəbəri olan qoca qarını
çağırdılar, o da məxluqa baxan kimi ər-arvadın fikirlərini alt-üst
elədi.
- Bu matros deyil, mələkdi, - qarı onlara dedi. - Yəqin onu sizin
körpəni aparmağa göndəriblər, amma yazıq çox qoca olduğuyçün bu leysanda
tab etməyərək yerə dəyib.
Tezliklə qəsəbədə hamı Pelayonun əsl, həqiqi mələk tutduğundan xəbərdar
oldu, hər şeyi bilən həmin qonşu qadının iddiasına görə müasir
mələklərin hamısı əvvəllər Allaha qarşı qəsd hazırladıqlarına görə
cəzalandırılan və müxtəlif üsullarla cəzadan qaçıb yerdə gizlənən
mələklərdi. Lakin bu qəribə məlumata baxmayaraq onu öldürməyə heç kəsin
əli qalxmadı. Pelayo bir müddət əlində hər ehtimala qarşı kəndir tutub,
pəncərədən bu əcaib mələyi gözdən keçirtdi, nəhayət axşamtərəfi onu
palçığın içindən çıxarıb toyuq hininə sürüdü və qapını bağladı.
Gecəyarısı yağış kəsdi, buna baxmayaraq Pelayo ilə Elisena hələ səhərə
kimi xərçəngləri çölə daşımaqla məşğul oldular. Səhərə yaxın körpə də
yuxudan ayılıb ağladı, yemək istəyirdi, qızdırması da artıq keçmişdi.
Bundan ruhlanan və əhvalları yaxşılaşan ər-arvad məsləhətləşib qərara
aldılar ki, bu qoca mələk üçün taxta sal düzəldib üstünə üç günlük ərzaq
və içməli su ehtiyatı qoysunlar və dalğaların ixtiyarına buraxsınlar.
Lakin səhər yuxudan ayılıb Patioya çıxanda kəndin bütün sakinlərinin ora
toplaşdığını gördülər. Hinin qabağında yığılan adamlar bir o qədər də
ürək çırpıntısı keçirmədən mələyə baxır, dəmir torun məftillərinin
arasından içəri çörək tikələri soxurdular, sanki qarşılarındakı səmavi
bir məxluq deyil, hansısa zooparkdakı bir heyvan idi.
Axşam saat yeddiyə yaxın bu əcaib xəbərdən həyəcanlanmış padre Qonsaqa
gəldi. Bu vaxt hinin qarşısında artıq daha elitar publika - kəndin
qaymaqları toplaşıb qəribə əsirin gələcək taleyini müzakirə edirdilər.
Sadəlövhlər onun “dünyanın alkaldı” təyin ediləcəyini güman edir, bir
qədər sağlam düşüncəli adamlarsa belə bir rəy irəli sürürdülər ki, bu
mələyin qismətinə bütün müharibələrdə qalib gələn bir general olmaq
düşüb. Bəzi xəyalpərəstlərsə bu mələyi istehsalçı kimi saxlayıb kainatın
bütün qarışmış işlərini qaydaya sala bilən müdrik və qanadlı adamlar
cinsini yetişdirməyi təklif edirdilər. Keşiş olmazdan əvvəl odun yaran
olmuş Padro Qonsaqa dəmir tora yaxınlaşıb “Kataxezis”-dən oxuduqlarının
hamısını xatırlayaraq xahiş etdi ki, hinin qapısını açsınlar və o, içəri
keçib toyuqların içində elə özü kimi gücdən düşmüş iri bir quşa bənzəyən
mələyə baxmağa başladı. Mələk peyinin və səhərdən qalan yeməyin
qalıqları içində uzanıb qanadlarını günə verirdi. Padro Qonsaqa hinə
girəndə mələk biganəliklə, sanki tor tutmuş gözlərini açıb keşişin
latınca müraciətinə öz əcaib dialektində nəsə qırıldadı. Kilsə
xidmətçisi mələyin Tanrı dilini bilmədiyindən və onun xidmətçilərinə
hörmət göstərməyə adət etdiyindən bir balaca şübhələndi.
Mələyi diqqətlə nəzərdən keçirən keşiş fikirləşdi ki, bu səmavi
məxluqdan daha çox adi insana oxşayır: tüfeyli avaralar kimi üfunət
qoxuyur, qanadlarını həşərat basıb, lələklərini isə küləklər dağıdıb.
Bir sözlə onun görkəmi ali mələk məqamına heç cür uyğun gəlmirdi. Hini
tərk edən keşiş üzünü camaata tutub mövhumatın təhlükəsi barədə qısa bir
moizə ilə çıxış etdi. Hamıya xatırlatdı ki, maska taxıb sadədil
insanları aldatmaq, düz yoldan azdırmaq şeytanın köhnə adətidir. Sonda
Padre haqlı olaraq qeyt etdi ki, hərgah qanadların mövcudluğu şahinlə
təyyarəni bir-birindən fərqləndirmək üçün heç bir əsas vermirsə, deməli,
mələklərin tanınmasında da heç bir əhəmiyyəti ola bilməz. Bununla belə
söz verdi ki, vilayət yepiskopuna məktub göndərəcək, o da öz növbəsində
hər şeyi ölkə Kordinalına və Roma Papasına yazsın ki, məxluqun taleyini
həll edəcək verdikt lap ali instansiyadan gəlsin. Keşişin ehtiyatlı
olmaq barədə təklifini heç kəs vecinə almadı.
Əsir götürülmüş mələk haqqında xəbər elə sürətlə yayıldı ki, ertəsi gün
Pelayonun həyəti bazar meydanına döndü. O qədər adam yığılmışdı ki, bu
kütlənin həyət-bacanı dağıdıb tökməyinin qarşısını almaqdan ötrü ordu
hissələri çağırmaq lazım gəldi. Həyətdəki zir-zibili yığışdırmaqdan
Elisendanın artıq beli ağrıyırdı və bu vaxt qəfildən ağlına gəldi ki,
Pationu çəpərləmək, mələyə baxmaq istəyən hər adamdan giriş üçün beş
“sentavo” pul almaq lazımdır. İnsanların axını getdikcə lap artdı. Hətta
Martinikadan da gələnlər vardı. Bir müddətdən sonra həmin kəndə səyyar
sirk qrupu gəlib çıxdı. Lakin camaatın üstündə vızıltı ilə pərvaz edən
akrabatlar heç kəsin diqqətini cəlb etmədi, çünki onların qanadları
mələk qanadı yox, ulduzlu yarasa qanadlarına bənzəyirdi. Bütün Karib
dənizi sahillərində nə ki sağalmaz xəstə vardısa hamısı bura - şəfa
tapmaq üçün mələyin hüzuruna üz tuturdu: uşaqlıqdan öz ürəyinin
döyüntülərini sayan və artıq hesabı itirmiş sərsəm qadın, ulduzların
qaldırdığı hay-küydən heç cür yuxuya gedə bilməyən gənc, gündüz
tikdiklərini dağıtmaq üçün gecəyarı yuxudan durub fəaliyyətə başlayan
lunatik bənna və başqa qorxulu xəstəliklərə tutulmuş adamlar öz
ümidlərini yalnız bu lələkləri ütülmüş qoca mələyə bağlayırdı. Hətta
yeri belə titrədən kütləyə nəzarət etməkdən Pelayo və Elisendo dəhşətli
dərəcədə yorulsalar da taleylərindən razı idilər - bir həftədən də az
bir müddət ərzində onlar evdəki bütün yorğan-döşəyin içini pulla doldura
bilmişdilər, mələyə baxmaq üçün sıraya düzülən zəvvarların cərgəsi isə
ta üfüq xəttinə qədər uzanırdı. Bütün bunlar nədənsə mələyin özünün heç
xoşuna gəlmirdi. Ziyarətə gələnlərin hinin ətrafında yaratdıqları
şamların hisi-tüstüsü onu lap əsəbiləşdirir, özündən çıxarırdı, binəva
bütün gün ərzində hinin künc-bucağında gizlənib rahatlanmaq üçün yer
axtarırdı. Hər şeydən xəbərdar olan həmin qonşu qadının dediyinə görə
mələklərin əsas qidası komfor kristallalarıdır və camaat əvvəlcə bu qoca
mələyi də onunla yemləmək istədi. Lakin o, komfor kristallarını da, ona
verilən başqa yeməkləri də rədd edirdi. Bunun səbəbini heç kəs bilmirdi,
ya çox qoca olduğu üçün iştahası pozulmuş, ya da bu məxluq ümumiyyətlə
mələk deyildi. Qoca məxluq yalnız badımcan kürüsü yeyirdi. Onun ilk
baxışdan xariqüladə görünən yeganə xüsusiyyəti həddən artıq səbrli
olmasıydı. Ələlxüsus, ilk günlərdə toyuqlar bu qoca mələyin qanadlarında
törəyib-artan səmavi parazitləri dimdikləyir, şikəstlər öz yaralarına
qoymaq üçün lələklərini dartışdırır, qabiliyyətsizlər birtəhər ayağa
qalxızıb daha yaxşı tamaşa etməkçün onu daşa basır, o isə bütün bunlara
səbrlə dözürdü. Binəva mələk yalnız bircə dəfə özündən çıxdı. Buzovları
damğaladıqları qızmış dəmirlə onun böyrünü damğaladılar ki, uzun müddət
hərəkətsiz uzanmış qocanın ölüb-ölmədiyini dəqiqləşdirsinlər. Közərmiş
dəmir parçası bədəninə toxunan kimi o, gözü yaşlı halda yerindən
sıçrayıb öz naməlum dilində nəsə qışqıraraq qanad çalmağa başladı və
hində elə bir peyin tozu qalxdı ki, ətrafdakılar bunu o dünyadan əsən
küləyin nəfəsi kimi hiss elədilər. Hərçənd ki, çoxları bunu səmavi
qəzəbin yox, adi, cismani ağrının təzahürü kimi qiymətləndirdilər. Lakin
bununla belə mələyi daha bu cür üsullarla narahat etməmək qərarına
gəldilər, çünki onun passivliyi təqaüdə çıxmış məlaikə sükutu yox,
müvəqqəti dincələn tufan sakitliyi kimidir.
Əsirin təbiəti barədə yüksək dini instansiyaların rəyi gələnə qədər
Pedro Qonsaqa öz başılovlu ümmətini sakitləşdirməyə, başlarına ağıl
qoymağa cəhd etsə də təbii ki, bunun bir xeyri olmurdu. Lakin Roma
Vatikanında deyəsən, tələsik iş görməyə adət etməmişdilər. Vaxtın çoxu
Romadan gələn məktublara cavab yazmağa gedirdi. Yüksək dini instansiya
isə çox qəribə şeylərlə maraqlanırdı: bu qəribə məxluqun göbəyi varmı və
əgər varsa, harda yerləşir, onun danışığında qədim yəhudi dilinə oxşar
cəhətlər varmı, məxluq sancağın gözündən keçə bilirmi və s.
Son sorğu isə Pedro Qonsaqanı lap təəccübləndirdi: “Dəqiq öyrənin ki, bu
məxluq özünə qanad taxmış norveçlilərdəndi, ya yox”. Bu sorğuların
göndərilməsi yəqin ki, bir əsrə də bitməyəcəkdi, lakin xoşbəxt bir
təsadüf kilsə keşişinin daxili əzab-əziyyətlərinə son qoydu. Hadisə belə
oldu. Həmin günlərdə qəsəbəyə Karib sahillərində dolaşan səyyar
attraksionlardan biri gəldi. Attraksionun əsas nömrəsi valideynlərinin
sözündən çıxdığına görə cəzalandırılaraq hörümçəyə döndərilmiş qadın
idi. Hörümçək-qadına baxmağın qiyməti daha ucuz idi, bundan əlavə ilahi
cəzanın həqiqiliyinə şübhə yaratmamaq üçün qadına yaxından baxmağa,
hərtərəfli nəzərdən keçirtməyə, əcaib görkəmi barədə suallar yağdırmağa
da icazə verilirdi. Bu qoyun boyda, qadın başlı iyrənc bir tarantul idi.
Tamaşaçıları təəccübləndirən və heyrətləndirən bu cəhənnəm məxluqunun
zahiri görkəmindən çox, öz başına gələn fəlakəti çox inandırıcı və
yanıqlı surətdə nəql eləməsiydi. Dediyinə görə hələ qız vaxtı o, bir
dəfə valideynlərinin icazəsi olmadan evdən qaçıb rəqsə gedibmiş və gecə
evə qayıdanda qəfildən göy guruldayıb, şimşək çaxıb və qaranlıq səmanı
iki yerə bölən ildırım onu vurub, hörümçəyə çevirib. Onun yeganə qidası
təsirlənmiş tamaşaçıların atdığı çəkilmiş ət kopalarıydı. Dünyəvi
həqiqətin və İlahi cəzanın təcəssümü olan bu cür möcüzə təbii ki,
tamaşaçılara etina etməyən lovğa, özündən razı mələyi kölgədə
qoymalıydı, camaatın mələyin ayağına yazdığı möcüzələr isə əslində onun
əqli çatışmazlığından xəbər verirdi: uzaq bir yerdən şəfa tapmaq
ümidiylə mələyin hüzuruna təşrif buyurmuş kor qocanın gözləri açılmadı,
amma əvəzində boşalmış ağzına üç dənə təzə, əntiqə diş çıxdı. İflic
olmuş başqa bir kişi sağalmaq əvəzinə lotoreyada külli miqdarda pul
uddu, cüzamlı bir xəstənin yaralarında isə günəbaxanlar bitməyə başladı.
Bütün bunlar ilahi əməllərdən çox camaatı ələ salmaq kimi görünürdü və
mələyin nüfuzuna, reputasiyasına xeyli xələl gətirmiş oldu,
hörümçək-qadın isə öz peyda olmağıyla ümumiyyətlə, mələyə olan marağın
üstündən xətt çəkdi. Və yalnız bundan sonra Pedro Qonsaqa nəfəs ala
bildi və gecələr ona əziyyət verən yuxusuzluq onu tərk etdi. Çünki
hörümçək-qadının peyda olmasından heç beş-altı gün keçməmiş Peleyonun
həyəti üç gün dalbadal yağış yağdığı və xərçənglərin otaqlarda
veyilləndiyi vaxtlarda olduğu kimi bom-boş qaldı. Ev sahibləri isə öz
talelərindən narazı deyildilər. Qazandıqları pula ikimərtəbəli, eyvanlı,
qarşısında bağça olan bir ev tikmişdilər. Evin altını hndür eləmişdilər
ki, dənizin suyu qalxanda içəri xərçənglər doluşmasın və hər ehtimala
qarşı pəncərələrin hamısına dəmir barmaqlıqlar vurmuşdular ki, yolunu
azmış mələklər evə təcavüz edə bilməsinlər. Pelayo əvvəlki işini tərk
edib, şəhərdən bir qədər kənarda təsərrüfat düzəldib dovşan
yetişdirməklə məşğul olmağa başladı. Elisenda isə özünə hündür dabanlı,
laklı tufli və o dövrdə dəbdə olan, bazar günlərində ən möhtərəm
senyoraların geydiyi əlvan ipəkdən tikilmiş çoxlu paltar aldı.
Mələyin yaşadığı hin onların təsərrüfatında yeganə yer idi ki, ona
ümumiyyətilə, məhəl qoyulmurdu. Əgər hərdənbir oranı yuyub təmizləyərək
içində mirra yarpaqları yandırırdılarsa da, bunu heç də mələyin xətrinə
yox, hindən yayılan və təzə evin bütün künc-bucağına nüfuz edən üfunətin
qarşısını almaq üçün edirdilər. Körpə artıq ayaq açıb yeriməyə
başlayanda, Elisedo onun hinə yaxın getməsinə icazə vermirdi. Lakin
günlər keçdikcə onlar bu üfunət iyinə öyrəşdilər və bütün qorxular keçib
getdi. Beləliklə, hələ dişlərinin hamısı tökülməmişdən qabaq uşaq artıq
tordakı deşiklərdən sivişib hinin içinə girməyi öyrənmişdi. Mələk başqa
adamlara qarşı olduğu kimi ona qarşı da etinasız idi, lakin it mütiliyi
ilə onun bütün uşaq əyləncələrinin sərtliyinə dözürdü. Bir müddətdən
sonra onlar hər ikisi eyni vaxtda qızılca çıxartdılar. Uşağı müalicə
edən həkim, mələyi də müayinə etmək qərarına gəldi və gördü ki, ürəyi
çox zəifdir, böyrəkləri isə demək olar ki, yararsız bir haldadır. Bu
halətdə onun hələ də sağ qalması təəccüblü idi. Həkimi ən çox
maraqlandıran isə qanadlarının quruluşu idi - bu lələyi tökülmüş
qanadlar qocanın bədəninə üzvi surətdə uyğunlaşdığına görə, həkimin
içində qeyri-ixtiyari belə bir sual doğdu: görəsən, nə üçün başqa
insanların belə qanadı çıxmır? Pelayonun oğlunun məktəbə getməyinə yaxın
yağış və külək hini artıq tamamilə dağıdıb, yararsız bir hala salmışdı.
Onunçün də hini söküb daşlarından başqa məqsədlərçün istifadə etdilər.
Azadlığa çıxmış mələk gücdən düşən lunatiklər kimi bütün günü
həyət-bacada o yan-bu yana veyillənirdi. Süpürgəylə yataq otağından
qovurdularsa, mətbəxdə əl-ayağa dolaşırdı, ordan qovanda qonaq otağında
peyda olurdu. Pelayo şübhələnirdi ki, mələk ikiləşərək, eyni vaxtda evin
bir neçə guşəsində görünmək bacarığına malikdir. Bezmiş Elisenda isə
qışqırırdı: -Ən böyük cəza bu cür mələklərlə ağzınacan dolu olan
cəhənnəmdə yaşamaqdı. Mələk son vaxtlar demək olar ki, heç nə yeyə
bilmirdi və yaman taqətdən düşmüşdü, hər addımda nəyəsə ilişib yıxılır,
gözü ayağının altını görmürdü. Qanadında isə cəmi iki-üç ütülmüş lələk
qalmışdı. Nəhayət, Pelayonun ona yazığı gəldi, yorğana büküb artırmada
yerləşdirdi və yalnız bu zaman hiss elədi ki, mələyin qızdırması yaman
qalxıb, hətta gecələr sayıqlamağa da başlayıb. Pelayo ilə Elisenda
həqiqətən təşvişə düşdülər - hətta hər şeyi bilən müdrik qonşu arvad da
ölmüş mələklərlə nə etmək lazım olduğunu bilmirdi. Lakin mələyin ölmək
fikri yox idi. O, ömrünün bəlkə də ən ağır qışını birtəhər yola verib,
bahar girənə yaxın yavaş-yavaş sağalmağa başladı. Əvvəlcə, bir müddət
pationun küncündə gizlənib, kənar gözlərdən yayındı və bir gün Pelayo
gördü ki, onun gözləri işıqlanıb, əvvəlki şəffaflığını bərpa edib.
Qanadlarında isə təzə libas geyməyi qərara almış qoca quşlarda olduğu
kimi sərt, möhkəm lələklər peyda olmağa başlayıb. Mələyin özü deyəsən bu
dəyişikliklərin səbəbindən xəbərdar idi. Lakin onları ciddi-cəhdlə kənar
gözlərdən gizlətməyə çalışırdı, hətta bir dəfə heç kimin onu görmədiyini
güman edən mələk gecə vaxtı asta səslə dənizçi mahnılarını zümzümə
edirdi. Bir səhər Elisendo yemək üçün soğan doğrayarkən dənizdən əsən
qəfil külək mətbəxin pəncərəsindən içəri çırpıldı. Qadın pəncərədən
boylananda mələyin yer üzərindəki yaşyışının son saniyələrini müşahidə
edə bildi. Onun uçuşa hazırlaşmağında narahatçılıq və daxili sıxıntı
hiss olunurdu - yöndəmsiz tullanışlarıyla bostanın bütün şitillərini
əzib-tökdü, gün işığında yüngülcə parıldayan qanadlarını çırpanda isə az
qaldı həyətdəki çardağı dağıtsın. Nəhayət, çətinliklə yerdən aralanmağa
müvəffəq ola bildi. Elisendo onun qəsəbə evlərinin üzərində az qala
damlara toxunaraq qanad çalmasını seyr etdikcə həm özünün, həm də
mələyin yerinə rahat nəfəs aldı, yüngüllük hiss etdi. Mələyin uçuşu onu
şahinə bənzədirdi. Elisendo soğan soyub qurtarana qədər gözdən itməkdə
olan mələyə tamaşa elədi və nəhayət o, üfüqün arxasında tamamilə
görünməz oldu. Bu qoca mələk artıq onun həyatında keçilməz bir maneə
yox, üfüq üzərində xəyali bir nöqtəydi.